Logo

Vilnüs Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb - FOTO

17.03.2023 22:19 313 baxış
IMG

Bu aydan (2023-cü ilin mart ayından) etibarən Vilnüs Universitetində (VU) Azərbaycan dilinin tədrisinə başlanılıb.

“Report”un Litvadakı müxbirinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Litvadakı səfirliyinin təşəbbüsü ilə 2017-ci ildə Vilnüs Universitetində yaradılmış “Azərbaycan” auditoriyasında ilk dəfə olaraq “Azərbaycan dili və mədəniyyəti” fənni tədris olunur.

Bununla bağlı 2022-2023-cü tədris ilinin əvvəlindən etibarən Vilnüs Universitetinin Filologiya fakültəsinin dekanı İnesa Şeşkauskiene və Asiya və Mədəniyyətlərarası Tədqiqatlar İnstitutunun direktoru Kristina Qaralite ilə görüşlər baş tutub. Bu görüşlər çərçivəsində Vilnus Universitetinin nümayəndələrinin Azərbaycanda Filologiya sahəsi üzrə ixtisaslaşan universitetlərdən biri, xüsusən Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıqda maraqlı olduqları müəyyən edilib və “Azərbaycan” auditoriyasında dövlət dilimizin fakültativ fənn kimi tədris olunmasının ikitərəfli əlaqələrə, xüsusilə də təhsil sahəsində əməkdaşlığa töhvə verəcəyi düşünülərək razılıq əldə olunub.

“Azərbaycan dili və mədəniyyəti” fənninin tədrisini Azərbaycan Dillər Universitetinin dosenti Lalə Məcidova aparır.

Qeyd edək ki, tədris prosesində təkcə Azərbaycan dili yox, Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti də tələbələrin diqqətinə çatdırılır.

Xəbər lenti