Logo

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Seysmoloji Mərkəzdə mətbuat konfransı keçirilib

06.02.2023 15:29 218 baxış
IMG

Türkiyədə baş vermiş zəlzələ Naxçıvan və Lənkəranda az hiss edilib, buna səbəb isə məsafənin uzaq olmasından dalğaların bizə çatana qədər sönməsi olub.

Tehsil.biz xəbər verir ki, bunu fevralın 6-da Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Türkiyədə baş verən zəlzələnin episentrinin Kahramanmaraş olduğunu deyən mərkəz rəhbəri zəlzələnin 9 dəqiqədən çox davam etdiyini, 8-15 kilometr dərinlikdə baş verdiyini və buna görə də dağıntıların miqyasının genişləndiyini söyləyib. Zəlzələdən sonra maqnitudası 5-dən yuxarı olan 80-ə qədər afterşokun qeydə alındığını diqqətə çatdıran alim onlardan ən güclülərinin 6.4 və 6.6 bal olduğunu deyib.

Türkiyədəki zəlzələnin afterşoklarının 1 aya qədər davam edə biləcəyini bildirən Q.Yetirmişli qardaş ölkədəki zəlzələnin süni yaradılması ilə bağlı iddiaların yalan olduğunu deyib: “Süni zəlzələləri biz hazırda öz işimizdə ayıra bilirik. Təbii proseslə süni prosesi bir-birindən ayırmaq mümkündür”.

Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələnin episentri ilə ölkəmizə qədər məsafə 700-800 kilometr olduğundan həmin dalğanın təsiri Azərbaycandakı zəlzələ ocaqlarını oyada bilməz. Mərkəz rəhbəri Azərbaycanda güclü zəlzələnin gözlənilmədiyini də qeyd edib.

Bakıda binaların tikilməzdən əvvəl ərazinin seysmoloji vəziyyətinin öyrənilməsinin vacibliyini vurğulayan Q.Yetirmişli qeyd edib ki, riski minimuma endirmək üçün hər bir binanın quruluşu araşdırılmalıdır.

Xəbər lenti