Logo

Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO

28.01.2023 19:41 229 baxış
IMG

Əmək və əhalinin sosial müdafiəsi naziri, “Yüksəliş” Təşkilat Komitəsinin üzvü Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

"Tehsil.biz"in məlumatına görə, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

Nazir Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə tanış olub, onları əldə etdikləri nailiyyət münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, əmək, məşğulluq, sosial müdafiə sahələrində ölkəmizin gələcək inkişaf hədəfləri ilə bağlı məlumat verərək bu istiqamətdə görülən işlərlə əlaqədar qaliblərə məlumat verib. Həmçinin nazir şəxsi və peşəkar idarəçilik təcrübəsindən qaliblərə nümunələr və tövsiyələr verib.

Görüşün davamında nazir Sahil Babayev mentorluq proqramının həyata keçirilməsində maraqlı olduğunu qeyd edib. Nazir qaliblərin suallarını cavablandırıb, “Yüksəliş” müsabiqəsi qaliblərini DOST agentliyinə dəvət edərək, rəqəmsal inkişafla yaxından tanış olmağı təklif edib. Son olaraq gələcəkdə “Yüksəliş” müsabiqəsi qaliblərinin dövlətin inkişafında öz töhfələrini verməsi üçün müəyyən məsələlərə cəlb edilməsi müzakirə edilib.

“Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev Sahil Babayevə iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini deyib.

Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin tarixləri və qeydiyyat prosesi barədə məlumat qısa zamanda ictimaiyyətlə paylaşılacaq.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sərəncam isə ötən ayın 20-də imzalanıb.

Xəbər lenti