Logo

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

08.12.2022 22:20 84 baxış
IMG

Dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, iclasda müzakirəyə çıxarılan birinci məsələ Prezident İlham Əliyevin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” 2022-ci il 6 dekabr tarixli Sərəncamdan irəli gələn vəzifələr olub.

Bildirilib ki, bu Sərəncam Türk dünyasının və ümumilikdə bütün dünyanın gözü Şuşada həyata keçirilən geniş quruculuq işlərinə, eləcə də Türk dünyasının inteqrasiyasına töhfə verəcək. Bu Sərəncamdan irəli gələrək AMEA-nın da üzərinə mühüm vəzifələr düşür.

İclasda AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin müəssisələrinin baş direktorlarına həyata keçiriləcək tədbirlərlə bağlı təkliflərin hazırlanmasına dair tapşırıqlar verilib. Həmçinin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin türk həmkarlarının dəstəyi ilə Şuşada seysmoloji stansiyanın qurulmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Daha sonra AMEA-nın Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.

AMEA Rəyasət Heyətinin iclasının gündəliyində duran növbəti məsələ Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 28 noyabr tarixli Sərəncamı və qarşıda duran vəzifələr haqqında olub. Qeyd edilib ki, sözügedən sənəddən irəli gələrək Akademiyada yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi, Ulu Öndərin irsinə həsr olunmuş kitab və monoqrafiyaların nəşri nəzərdə tutulur. Bu istiqamətdə AMEA-da “Heydər Əliyev və azərbaycançılıq konsepsiyası”, “Heydər Əliyev və Azərbaycanın neft strategiyası”, “Bir millət iki dövlət”, “Heydər Əliyev: dahilik, zaman və müasirlik” mövzusunda beynəlxalq konfranslar keçiriləcək, “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Milli Elmlər Akademiyası”, “Heydər Əliyev: şəxsiyyətin və fəaliyyətin miqyası”, “Heydər Əliyev və Azərbaycan tarixi problemləri”, “Təsviri sənətdə Heydər Əliyev obrazı” monoqrafiyaları, “Azərbaycan alimlərinin Heydər Əliyevlə bağlı xatirələri” kitabı və Azərbaycanın “Qırmızı kitab”ının III cildi hazırlanacaq.

Bundan əlavə, Ulu Öndərin həyatı və fəaliyyətini bütün yönləri ilə əks etdirəcək “Heydər Əliyev Ensiklopediyası” (2023-2024-cü illərdə) hazırlanacaq. Rəyasət Heyəti tərəfindən “Heydər Əliyev Ensiklopediyası”nın Redaksiya heyəti və İşçi qrupunun tərkibi təsdiqlənib.

İclasda akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar AMEA-nın Tədbirlər Planı haqqında da müzakirələr aparılıb. Bildirib ki, ölkə rəhbərinin 2022-ci il 3 noyabr tarixli Sərəncamından irəli gələrək akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar AMEA-da Komissiya yaradılıb və elmi müəssisə və təşkilatlardan müvafiq təkliflər yığılıb. Təkliflər əsasında “Peşə patologiyalarının tədqiqi və müalicəsi: nailiyyətlər və aktual problemlər”, “Görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyeva: vətəndaşlıq missiyası və həkimlik andı” mövzusunda yerli və beynəlxalq konfransların keçirilməsi, “Həyat elmləri və biotibb” jurnalının xüsusi nömrəsinin hazırlanması, akademik Zərifə Əliyevaya həsr olunmuş monoqrafiyanın və biblioqrafiyasının hazırlanması, çapı və digər tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.

Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.

Xəbər lenti