Logo

İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğurla davam etdirilir”

06.12.2022 10:49 239 baxış
IMG

"Dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak edən əsas mərkəzlərdən biri kimi AMEA-nın bütün institut və təşkilatlarında ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının ərazi təşkilatları fəaliyyət göstərir".

Tehsil.biz xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyəti və AMEA Qadınlar Şurasının birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusunda ictimai-elmi seminarda çıxışı zamanı bildirib. 

Azərbaycanın müstəqil dövlətçilik ideologiyasının tarixi qaynaqlarından, inkişaf mərhələlərindən danışan AMEA prezidenti qeyd edib ki, bu baxımdan Akademiyanın alimlərinin əsas vəzifəsi müstəqil Azərbaycan dövlətinin müəyyən etdiyi siyasi xəttin, formalaşdırdığı ideologiyanın və seçdiyi hədəflərin inkişaf etdirilməsinə elmin dəstəyini təmin etməkdən ibarətdir. 

Akademik İsa Həbibbəyli Ulu Öndərin azərbaycançılıq ideologiyasını hələ Sovet dövründə Azərbaycana rəhbərlik edərkən müəyyən etdiyini, dahi şəxsiyyətin sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edildiyini diqqətə çatdırıb.

Bildirib ki, həmin illərdə Azərbaycanın bir çox şair və yazıçılarının dünyada və keçmiş ittifaqda tanıdılmasına nail olmaq üçün onlara fəxri adlar verilmiş, həmçinin Nizaminin, Nəsiminin, M.F.Axundzadə və başqa görkəmli şəxsiyyətlərin yubileyləri geniş miqyasda qeyd olunmuşdur. 

“Azərbaycan xalqı və dili anlayışları Ulu Öndərin ölkədə sabitlik və birlik yaratmaq üçün kəşf etdiyi dəyərlərdəndir”, – deyə qeyd edən AMEA rəhbəri bildirib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev dünyanın yeni reallıqlarına, ölkədə gedən mövcud proseslərə uyğun olaraq azərbaycançılıq ideyalarını yeni keyfiyyətdə daha da zənginləşdirir və möhkəmləndirir. Bu baxımdan Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğurla davam etdirilir. 

“Azərbaycan xalqı xoşbəxtdir ki, onun görkəmli dövlət xadimi Heydər Əliyev kimi Ulu Öndəri, İlham Əliyev kimi dünya liderləri ilə bir sırada dayanan lideri var”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

AMEA prezidenti əlavə edib ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda qazanılmış qələbə tariximizin ən böyük zəfərlərindəndir. Alim vurğulayıb ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Qarabağa səfərlərinin böyük əksəriyyətində ölkə Prezidenti ilə çiyin-çiyinə iştirak edərək Qarabağın yeni tarixinin yazılmasında öz imzasını atmışdır. 

Onun sözlərinə görə, müstəqil Azərbaycan iqtisadiyyat, elm, təhsil, səhiyyə, rabitə, bir sözlə bütün sahələrdə yeni mərhələyə qədəm qoyub və böyük addımlarla gələcəyə doğru uğurla irəliləyir. Prezident İlham Əliyevin ölkəmizi dünyanın inkişaf etmiş ölkələri sırasına qaldırdığını qürur hissi ilə ifadə edən akademik bu təşəbbüsləri Heydər Əliyev ideyalarının böyük təntənəsi kimi qiymətləndirib.

Xəbər lenti