Logo

Akademik Musa Rüstəmovla vida mərasimi keçirilib - FOTOLAR

01.12.2022 15:14 252 baxış
IMG

Bu gün AMEA-nın Əsas binasının Dairəvi akt zalında tanınmış kimyaçı alim, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, akademik Musa Rüstəmovla vida mərasimi keçirilib.

Akademiyadan "Tehsil.biz"ə bildirilib ki, mərasimdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, dövlət və hökumət rəsmiləri, ziyalılar, elm və təhsil ictimaiyyətinin nümayəndələri və mərhumun ailə üzvləri iştirak ediblər.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub. Cənazənin ətrafına Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, eləcə də müxtəlif kollektivlər adından da əklillər düzülüb.

Vida mərasimini AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq akademik Musa Rüstəmovun vəfatının Azərbaycan elmi ictimaiyyəti üçün böyük itki olduğunu bildirib. O, ölkəmizdə kimya sahəsində mühüm elmi nailiyyətləri ilə öz imzasını atmış, neft-kimya elminin inkişafına böyük töhfələr vermiş görkəmli alim, akademik Musa Rüstəmovun səmərəli elmi fəaliyyətindən, Azərbaycan kimya elminin inkişafına verdiyi töhfələrdən söz açıb.

Akademik İsa Həbibbəyli alimin AMEA-nın fəaliyyətə başlamasından bu günədək kimya elmi sahəsində seçilən beş tanınmış azərbaycanlı alimdən biri olduğunu diqqətə çatdıraraq, onun fəaliyyətinin Neft-Kimya Prosesləri İnstitutunun formalaşması, təşəkkülü, inkişafı ilə bağlı olduğunu vurğulayıb. AMEA prezidenti qeyd edib ki, akademik Musa Rüstəmov təxminən 70 il ərzində Neft-Kimya Prosesləri İnstitutunun formalaşmasında yaxından iştirak edib, 23 il bu elmi müəssisənin direktoru, 20 il isə direktor müavini vəzifəsində çalışıb, bu elm məbədində şərəflə fəaliyyət göstərib.

AMEA rəhbəri əlavə edib ki, akademik Musa Rüstəmov 700-dən çox məqaləsi ilə kimya elminin neft-kimya istiqamətini sanballı əsərlərlə zənginləşdirib, həmçinin Azərbaycanda kimya sənayesinin formalaşdırılmasında böyük rol oynayıb.

Bildirilib ki, kimyaçı alimin uzunmüddətli və məhsuldar elmi fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, 1979-cu ildə “Əməkdar elm xadimi” fəxri adını alıb, 1982-ci ildə Dövlət Mükafatı laureatı olub, 2004-cü ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeninə layiq görülüb, 2019-cu ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Sonra AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev görkəmli alimin həyat və fəaliyyəti ilə bağlı çıxış edib.

Donra sonra akademik Musa Rüstəmovun tələbəsi olmuş Neft-Kimya Prosesləri Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Abbasov müəllimi ilə bağlı xatirələrini bölüşüb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov kimyaçı alim Musa Rüstəmovun uzun illər zəngin elmi fəaliyyəti ilə respublikada elmin və təhsilin inkişafına verdiyi böyük töhfələrdən danışıb.

Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev Musa Rüstəmovun zəngin elmi və elmi-təşkilati fəaliyyətinə nəzər salıb, onun xatirəsinin gələcək nəsillərin qəlbində daim yaşayacağını vurğulayıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-texnologiyalar fakültəsinin dekanı professor Sevinc Məmmədxanova isə çıxışında görkəmli alimin ADNSU-da təhsil aldığını və ilk addımlarını burada atdığını bildirib.

Mərhum akademikin ailə üzvləri adından oğlu k.ü.f.d. İsmayıl Rüstəmov çıxış edərək atası ilə bağlı xatirələrini bölüşüb, mərasim iştirakçılarına təşəkkürünü bildirib.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.

Mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Həmçinin oxuyun: Prezident İlham Əliyev akademik Musa Rüstəmovun vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbər lenti