Logo

Görkəmli alim Həsən Mirzəyevin 95 illiyinə həsr olunan Beynəlxalq konfrans keçirilir - FOTOLAR

30.11.2022 11:00 226 baxış
IMG

Noyabrın 29-da  Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Şöhrət” ordenli, Əməkdar elm xadimi, görkəmli dilçi alim, professor Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan dilçiliyinin aktual problemləri” Beynəlxalq elmi konfransı öz işinə başlayıb. 

Tehsil.biz xəbər verir ki, iki gün davam edəcək Beynəlxalq konfransda canlı və onlayn formada Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Gürcüstan və Nigeriyadan nümayəndələr iştirak edir.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları, Elm və Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin və tədqiqat institutlarının rəhbərləri, tanınmış elm və mədəniyyət xadimləri, xarici ölkələrdən gələn alimlər, eləcə də alimin yetirmələri əvvəlcə universitetin foyesində Həsən Mirzəyevə həsr edilmiş sərgiyə baxıblar.

ADPU ilə Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) tərəfdaşlığı ilə təşkil olunan Beynəlxalq konfrans Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Giriş sözü ilə çıxış edən Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov fədakar alimin həyat yolundan və elmi axtarışlarından söz açıb.

Sonra görkəmli alimin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, akademik Nizami Cəfərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Türkiyənin Qazi Universitetinin professoru Hülya Kasaboğlu, Fırat Universitetinin professoru Ahmet Buran, Özbəkistan Dövlət Şərqşünaslıq Universitetinin Türkologiya fakültəsinin dekanı dosent Cumali Şabanov və digər çıxış edənlər Azərbaycan dilçilik elminin tədqiqində, ümumən filologiya və türkologiya elmində dərin izlər buraxmış Həsən Mirzəyevin elmi əsərlərinin öz aktuallığı ilə bu gün də tələbələr, tədqiqatçılar, xüsusən də gənc alimlər üçün əsl mənbə olduğunu vurğulayıblar.

Çıxış edənlərdən Türkiyənin Kafkas Üniversiteti Çağdaş Türk Ləhçələri və Ədəbiyyatları Bölümünün dosenti İlkin Qulusoy magistrantı Səma Şahinlə bərabər hazırladıqları, professor Mahirə Hüseynovanın redaktoru olduğu Həsən Mirzəyevin 95 illiyinə ithaf olunmuş “Karşılaştırmalı deyimbilimi” (“Müqayisəli frazeologiya”) əsərini konfrans iştirakçılarına təqdim edib.

ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri professor İbrahim Bayramov “Görkəmli dilçi alim professor Həsən Mirzəyev” mövzusunda məruzə edib.

Çıxışlardan sonra təşkilat komitəsi adından konfransın təşkilindəki xidmətlərinə görə prof. Cəfər Cəfərov, prof. Asəf Zamanov, prof. Mahirə Hüseynova, prof. Ahmet Duran, prof. Hülya Kasaboğlu, dos. Cumali Şabanov, dos. İlkin Qulusoy və Gürcüstan Dövlət Universitetinin professoru Elizabet Bjalava mükafatlandırılıb.

Sonda prof. Həsən Mirzəyevin ailəsi adəndan çıxış edən Mərkəzi Dəmiryol Xəstəxanasının baş həkimi Müşfiq Mirzəyev göstərilən yüksək diqqətə görə ADPU rəhbərliyinə və elmi ictimaiyyətə minnətdarlığını bildirib.

Xəbər lenti