Logo

Məktəb-ailə əməkdaşlığının inkişafı məsələləri müzakirə olunub - FOTOLAR

30.06.2022 17:43 265 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Görüşdə təhsil nazirinin müşaviri Elnur Nəsibov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, sədr müavini Gülməmməd Məmmədov, katibi Rüfət Əsədzadə, Təhsil İnstitutunun əməkdaşları Könül Abbaslı, Leyla Sultanlı, Heydər Rzayev  və İdarənin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.

Görüşdə məktəb-ailə münasibətlərinin tənzimlənməsi, qarşılıqlı əməkdaşlığın daha səmərəli müstəviyə köçürülməsi üçün çevik və şəffaf mexanizmlərin formalaşdırılması məqsədilə görülən işlər və bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub.

 BŞTİ-nin müdiri M.Vəliyeva Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə müntəzəm olaraq aparılan müzakirələri təqdirəlayiq hesab edib. Bildirib ki, hər bir məsələ müzakirədə daha aydın müstəviyə çıxa bilir və problemlərə açıq münasibət, yanaşmaların uzlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində iştirakının əhəmiyyətindən danışan M.Vəliyeva bu işin daha şəffaf və səmərəli təşkil olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, əməkdaşlığın tənzimlənməsi istiqamətində formalaşdırılması  nəzərdə tutulan qurum məktəb və uşaqlar üçün daha aydın inkişaf yolu açacaq.

Təhsil nazirinin müşaviri E.Nəsibov məktəb-ailə münasibətlərinin təhsilin inkişafına əhəmiyyətli təsirindən söz açıb. Bildirib ki, valideyn komitələri məktəblə ailələr arasında əsas körpüyə çevrilməlidir. Təhsil ocaqlarının fəaliyyətinin tənzimlənməsində məktəb icmalarının mühüm roluna toxunan E.Nəsibov qeyd edib ki, bu, islahatların təbliği, məsuliyyətin bölüşdürülməsi və məktəb-icma əlaqələrinin inkişafı baxımından vacib alətdir. 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri G.Səfərova məktəblərdə valideyn-məktəb əlaqələrinin tənzimlənməsinə ən çox ehtiyac duyulduğunu diqqətə çatdırıb. Bildirib ki, şagird-valideyn-müəllim üçbucağının uğurlu fəaliyyəti üçün valideynlərin təhsil prosesinə yönləndirilməsi əhəmiyyətli məsələlərdən biridir. Şura sədri vurğulayıb ki, Təhsil Nazirliyi də məsələnin sivil səviyyədə həllində maraqlıdır.

Şuranın sədr müavini G.Məmmədov məktəb-ailə münasibətlərinin tənzimlənməsini nəzərdə tutan qurumun formalaşdırılması yönümündəki araşdırmalarda beynəlxalq təcrübənin öyrənildiyini bildirib.

Təhsil İnstitutunun əməkdaşı K.Abbaslı məktəb-valideyn münasibətlərinin təkmilləşdirilməsi ilə bağlı aparılmış tədqiqatlar barədə məlumat verib, təkiflər və nəzərdə tutulan hədəflər barədə fikirlərini diqqətə çatdırıb.

Görüşdə məktəb-ailə münasibətlərinin tənzimlənməsi məqsədilə təklif olunan modelin formalaşdırılması mövzusunda müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

 

Xəbər lenti