Logo

"Təhsil Nazirliyi tanışlıq və rüşvət xatirinə işə qəbulun qarşısını almalıdır" - Təhsil eksperti

19.05.2022 13:09 623 baxış
IMG

"Son günlər məktəblərdə qalmaqalların artması demək olmaz ki, indiki dövrə təsadüf edir. Son zamanlar müəllim-şagird və şagirdlərin bir-biriləri ilə münasibətlərində ciddi münaqişələrin şahidi oluruq".

Bu fikriləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.

Onun sözlərinə görə, burada pandemiya şəraitindən sonra şagirdlərin bir-birlərinə uyğunlaşma məsələsi də var: "Bu müəyyən qədər şagirdlərin psixologiyasına mənfi təsir göstərdi. Eyni zamanda qeyd etmək olar ki, müasir dövrdə sosial platformalardan istifadə, texnologiyaların inkişafı dərslərə mane olur. Belə ki, şagirdlərin dərsə marağı azalır və onlar dərsdənkənar fəaliyyətlərlə daha çox məşğul olurlar. Burada isə əsas səbəblərdən biri kimi təhsil müəssisəsində yaranan boşluqları, həmçinin valideynlərin məsuliyyətsizliyini göstərmək olar".

Ekspert bildirib ki, bu kimi halların qarşısını yalnız daha təcrübəli heyət ala bilər: "Təhsil Nazirliyi daha təcrübəli, daha səriştəli şəxsləri müvafiq vəzifələrə təyin etməlidir ki, həmin şəxslər istənilən halda yaranmış mənfi vəziyyətin qarşısını ala bilsin. Eyni zamanda pedaqoji heyət də diqqətli davranmalıdır ki, şagirdlər arasında neqativ olaylar baş verməsin, psixoloji durum yerində olsun. Xüsusilə son günlər baş verən olaylar, məsələn, müəllimin şagirdi amansızlıqla döyməsi, şagirdlər arasında bıçaqlanma və s. bu kimi hadisələr artıq həyəcan siqnalıdır. Bu kimi hallarda Təhsil Nazirliyi ilə yanaşı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məsələyə həssas yanaşmalı, bu kimi halların qarşısını almaq üçün birgə layihələr hazırlanmalı, həyata keçirilməlidir. Müvafiq Qeyri-Hökümət təşkilatları var ki hər il müəyyən qrantlar əldə edirlər, eyni zamanda Təhsil Nazirliyinin özündən qrant əldə edənlər var ki müəyyən ödənişlər alırlar, ancaq Heç bir iş görmürlər. Ailələrlə söhbət aparılmır, şagirdlərlə maarifləndirici layihələr icra olunmur və nəticə olaraq şagirdlər arasındakı insidentlərin şahidi oluruq".

Elçin Əfəndi qeyd edib ki, müvafiq qurumlar müştərək hərəkət etməli, valideynlər isə daha diqqətli, məsuliyyətli olmalıdırlar: "Hal-hazırda təhsil müəssisələrində şagirdlərin və ya müəllimlərin psixoloji durumları eyni olmaya bilər. Bunun üçün Təhsil Nazirliyi elə etməlidir ki, təcrübəli və peşəkar şəxslər işlə təmin olunsun. Bunun üçün isə şəffaflıq olmalı, heç kim tanışlıq yolu ilə və yaxud rüşvət qarşılığında işlə təmin edilməməlidir".

Fəqan Əzimli

Xəbər lenti