Logo

“Cavidşünaslıq” toplusunun növbəti on cildi çapdan çıxıb

25.12.2020 13:38 445 baxış
IMG

Hüseyn Cavidin ev-muzeyi tərəfindən “Azərbaycan və türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində “Cavidşünaslıq” elmi araşdırmalar toplusunun növbəti on cildi – XXI-XXX cildləri nəşr olunub.

 

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, muzeyin elmi-tədqiqat işləri planına əsasən, “Cavidşünaslıq” araşdırmalar toplusunun yeni cildləri üçün 2012-2019-cu illər cavidşünaslığına dair materiallar toplanılıb, sistemləşdirilib və ümumiləşdirilərək bədii-texniki cəhətdən tərtib olunaraq nəşrə hazırlanıb.125 çap vərəqi həcmində zəngin materialı əhatə edən bu on cild böyük şair və dramaturq Hüseyn Cavid haqqında yazılmışların 8 illik bir dövrünü əks etdirir və ədibin ədəbi-bədii, fəlsəfi-estetik düşüncə tariximizdəki yerini görməyə imkan verir.

 

XXI-XXX cildlərdə də toplunun əvvəlki cildlərində olduğu kimi pərakəndə qaynaqlarda Hüseyn Cavid yaradıcılığı və şəxsiyyəti haqqında olan multidissiplinar tədqiqat və informasiyalar xronoloji qaydada bir yerə toplanılıb və cavidşünaslara təqdim edilib. Bu isə Hüseyn Cavid irsinin müasir dövrdə öyrənilməsini daha da asanlaşdırılmasını təmin edəcəkdir.

 

Qeyd edək ki, çoxcildliyin elmi məsləhətçisi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, layihə rəhbəri Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, tərtibçi-müəllifi isə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlıdır.

Xəbər lenti