Logo

Azərbaycanda ən böyük ictimai bəla: Kimdir ziyalı?

07.12.2021 17:35 614 baxış
IMG

Dərin sosial və tarixi məşəqqətlərə şahidlik etmiş Azərbaycanda tarixdən gələn neqativ izləri aşkar şəkildə özünü göstərir.

Düzdür, çoxumuz bir hadisəyə, prosesə münasibət bildirərkən psixoloji amilləri, bu psixologiyanın kütləvi hal almasının tarixdən qida almasını gözardı edirik.

Ancaq psixoloji faktorlar çox önəmlidir, son 200 illik tarixin ağrı-acısını biz leksikonumuzda və ya şüurumuzun dərinliyində saxlayırıq, zamanı gələndə də o arxaizmə sığınırıq.

Bunun spektri o qədər genişdir ki, hər mövzu barəsində ayrı-ayrılıqda bir kitab həcminə sığa biləcək yazı yazmaq olar.

Bu yazımızı isə ziyalı anlayışına həsr edəcəyik, hazırda ən ziddiyyətli təsəvvürlərdən biri də məhz ziyalılıqla əlaqədardır.

İzlər o qədər dərinə nüfuz edib ki, bu dərinliklərdən gələn hər hansı “işığı” təqdim edərkən mütləq şəkildə adının qarşısında mübaliğəli epitetlər yapışdırılır.

Bu anlayışlardan biri də “ziyalı” sözüdür, hərçənd ki, dərinə gedəndə fikir və düşüncə baxımından, hərəkətlərinin qeyri-adekvatlığı baxımından biz o adamı ziyalı adlandıra bilmərik.

Cəmiyyət şişirdilmiş obrazlara, süni dəyərlərə meyl edir, ondan büt yaradır, daha sonra isə o bütü qırır.

Yuxarıda cəmiyyətin psixologiyasının formalaşmasında tarixin rolunu boşuna qeyd etmədik.

Təsəvvür edin, SSRİ zamanında nə qədər insan ziyalı adlandırılıb, halbuki biri idarədə işləyərkən insanlardan rüşvət alıb, digəri hüquq-mühafizə orqanlarında işləyərkən insanlardan “hörmət” görüb və sair.

Amma məclislərdə onlar ən yuxarı başda oturulub, “xalqımızın dəyərli ziyalısı” kimi təqdim olunub, bunun təzahürləri indi də qalmaqdadır. İctimai bəladır, deyilmi?!

İndi də biri yaltaqlana-yaltaqlana özünə gün ağlayır, xalqın pulunu yeyib cəmiyyət içərisinə çıxanda ziyalı kimi təqdim olunur.

Biri hakimiyyəti, digəri isə müxalifəti tənqid etdiyinə görə ziyalı adlandırılır, hətta təhqirləri leksikonlarının “qızıl fondunda” saxlayaraq lazım olan anda onları xərcləyən insanları ziyalı statusunda cəmiyyətə sırıyırlar.

Nə ad çəkəcəyik, nə də ki, konkret bir hal üzrə danışacağıq, sadəcə bu, ümumi tablodur və tabloda şişirtmələri görürürük.

Məgər yaxın keçmişdə biz məmurların özbaşınalıqları, korrupsiya faktlarına imza atmalarının şahidi olmamışıqmı? Lakin həmin insanlar da hansısa ərazidə, məclisdə ziyalı kimi təqdim olunublar, “çörəkverən kişi” kimi tanınıblar.

Təbiətən sakit, mədəni insanlar da var, cəmiyyətdə müəyyən mövqelərə yiyələniblər, qeyri-legitim heç bir prosesdə adı keçmir, alimdir, amma elm adamına yaraşmayan tərzə məhkum olunubmuş kimi xurafata sığınır. Ancaq nə edirsən et, qüsurunu faktlarla de - xeyri yoxdur, o adam ziyalıdır. Qarşı gələ bilməzsən, çünki o, idoldur, cəmiyyətdəki qruplar da bu bütdən bərk yapışıb, çünki alternativimiz yoxdur və ya olanı təqdim edə bilmirik.

Bir də görürsən ki, biri bilmədiyi mövzular haqqında çərənləyir, özü də fikirləri məntiq və savad baxımından çox qüsurludur, amma xalqın gözündə ziyalı statusunu qazanır. O biri də bildiyi mövzular ətrafında spekulyasiya edir, xalqa yalan danışır.

Hələ sosial şəbəkələrin fenomeninə çevrilib insanlara yanlış məlumat verənlər, başı çıxmadığı mövzu haqqında ağlına gələni yazıb, özü haqqında etibarlı mənbə təsəvvürlərini formalaşdıranları da bura əlavə etsək, vəziyyətin nə qədər mürəkkəb olduğu göz önünə sərilir. Məsələ burasındadır ki, sosial şəbəkə istifadəçiləri rəylərdə “siz, əsl ziyalısınız”, “xalqın sizin kimi savadlı insanlara ehtiyacı var” yazmaları da ayrı bir sosial zərərli vərdişdir. 

Biri adını ziyalı qoyur, amma elm əvəzinə xurafata bürünüb, digəri isə din xadimidir, amma elm haqqında hər şeyi danışır.

Bu təzadlar burulğanında sual ortaya çıxır: Kimdir ziyalı?

Düşünürük ki, ziyalılığın tərifi tam başqadır, özündə çox xüsusiyyətləri birləşdirməlidir, amma bizə ziyalı kimi sırınanların çoxunda ziyalı olmaq üçün lazım olan meyarlar çatışmır.

Ziyalı aydınlıq deməkdir, ziyalılıq cəmiyyəti, xalqı mütərəqqi ideya və küyçülükdən uzaq ictimai kodekslərə kökləməlidir, əməli ilə düşüncələri tərs-mütənasiblik təşkil etməməlidir.

Varmı belə obraz? Düzü bu suala cavab verməkdə çətinlik çəkirəm... Arqumentlər təqdim edə bilməyəndə həmin adama münasibətdə mübaliğənin də fövqündə dayanan epitetlər yaranır.

Məsələn, “dünya şöhrətli”, “dünyaca məşhur”, “Türk dünyasının böyük oğlu, yaxud qızı” və sair. Ancaq araşdırırsan, incələyirsən, baxırsan ki, dünya şöhrətli olmağın kriteriyaları bizim təsəvvürlərdən tamamilə fərqlidir. Biz kimi və niyə aldadırıq?...

Aqşin Kərimov

Xəbər lenti