Logo

Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilib

28.11.2021 14:54 616 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən 28 noyabr 2021-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 31 nəzarətçi‑müəllim, 4 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zallarında namizədlər bir-birindən lazımi uzaq məsafədə əyləşdirilib.

Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunublar.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 35-i qapalı, 5-i açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 10 gün ərzində elan olunacaq.

Qeyd edək ki, bu gün vergi orqanlarında işləmək istəyən namizədlər üçün də test imtahanı keçirilib. Həmin imtahanın nəticələri yaxın bir neçə saat ərzində elan olunacaq.

Xəbər lenti