Bakı Ali Neft Məktəbində (BANM) Macarıstanın Pecs və Miskolc Universitetlərinin, həmçinin bu ölkənin Azərbaycandakı Səfirliyinin nümayəndələri ilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, qonaqları salamlayan BANM-in tədris və elmi işlər üzrə prorektoru Zəfər Qurbanov Ali Məktəbin tarixi, tədris olunan ixtisaslar, müxtəlif pillələr üzrə təhsil proqramı barədə məlumat verib.
Görüşdə 3 universitet arasında perspektiv əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Tərəflər Erasmus proqramı, tələbə və professor-müəllim heyətinin mübadiləsi, tədqiqat və innovasiya sahəsində, Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması ixtisasları, həmçinin ikili diplom proqramları, tələbələr üçün istehsalat təcrübələrinin həyata keçirilməsi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
Sonda Macarıstanın Miskolc Universiteti və BANM arasında əməkdaşlığın həyata keçirilməsi üçün Anlaşma Memorandumunun imzalanması haqqında razılıq əldə olunub.