Logo

AzMİU THİK şəhid tələbə və məzunlara həsr olunmuş anım günü keçirib 

26.10.2021 16:01 349 baxış
IMG

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU ) 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman tələbə və məzunlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirin əvvəlində Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması yolunda canlarından keçən tələbə və məzunların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Mərasimi açıq elan edən Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Bayram Aslanov 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altında qalan torpaqlarımızın müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun, qəhrəman oğullarımızın canı,qanı bahasına azad etdiyini deyib və bu qələbə hissini xalqımıza yaşadan igidlərimizə minnətdarlığını bildirib. O, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ölməzlik qazandıqlarını, bütün ömrümüz boyu onlara borclu olduğumuzu, həmin oğulların həyat yolunun, rəşadətinin hər birimizə örnək olduğunu vurğulayıb. 

B.Aslanov Vətən müharibəsində AzMİU-nun da tələbə və məzunlarının iştirak etdiyini, onlardan 24-nün şəhidlik zirvəsinə ucaldığını tələbələrin diqqətinə çatdırıb. Tədbirin keçirilməsində əsas məqsədin universitetimizdə təhsil alan tələbələrə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tələbə və məzunlarımızı tanıtmaq və onlar haqda geniş məlumat vermək olduğunu deyib. Daha sonra şəhid tələbə və məzunlarımızın hər biri haqqında hazırlanmış tanıtım xarakterli foto-məlumatları təqdim edib.  

THİK-nin sədri qeyd edib ki,  bugünkü tədbirin keçirilmə tarixi İnşaat-texnologiya fakültəsinin məzunu, şəhid  Elsevər Əhədzadənin anım gününə təsadüf etdiyindən komitənin bir qrup üzvünün Elsevərin keçdiyi qəhramlıq yolundan bəhs edən video-çarx hazırladıqlarını bildirib. Həmin video-çarx  tədbir iştirakçılarına təqdim olunub. 

Sonda quruluşçu rejissoru Elxan Cəfərov olan, 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına müdafiə etmiş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış Azər adlı bir əsgərin taleyindən bəhs edən  “Yarımçıq xatirələr” adlı film tədbir iştirakçılarına nümayiş olunub.

Xəbər lenti