Logo

“Müəllimlər müəllimi” adını qazanan, “Müəllimlər himni”ni yazan pedaqoq

27.11.2020 16:02 416 baxış
IMG

Hər dəfə  - istər sağlığında Əjdər müəllimlə görüşəndə, istərsə də son iki ildə onu xatırlayanda istər-istəməz, “Uzaq sahillərdə” filmindən alman zabitinin Mixayloya ünvanladığı bir epizod yadıma düşür: “Bilmirəm sən rəssamsan, yoxsa ki, kəşfiyyatçı?”.  İndi, zabitin sözü olmasın Əjdər müəllim pedaqoq idi, psixoloq idi, alim idi, nasir idi, şair idi, tənqidçi idi, bəstəkar idi, jurnalist idimi... hansı peşə sahibliyindən, Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor, Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri olmasından asılı olmayaraq, sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalı idi.

 

Əjdər Ağayev haqqında əlavə nəsə deməyə elə də bir ehtiyac qalmır, çünki, bu ad və soyad özü hər sözü deyir.  Onun haqqında hələ sağlığında müasirləri tərəfindən onlarla kitab yazılıb, yüzlərlə məqalə dərc olunub, hələ sağlığında ikən müəllimlər müəllimi adını qazanmış müəllim kimi dəyərləndirilib. Əjdər Ağayevin təkcə "Azərbaycan ictimai fikrində şəxsiyyətin formalaşması" mövzusundakı doktorluq işi, onun əsl pedaqoq alim olması üçün kifayət edərdi.

 

“Təlim prosesi: ənənə və müasirlik”  “Məktəblərdə vətənə sədaqət tərbiyəsi”, “Məktəblərdə vətəndaşlıq borcunun tərbiyə edilməsi”, “Azərbaycan maarifpərvərləri şəxsiyyət haqqında”,“Vətəndaş olmağa borclusan” və onlarla digər kitabları, “Pedaqogika” dərs vəsaiti  onun böyük alim, ləyaqətli vətəndaş, yorulmaz tədqiqatçı olmasının bariz nümunəsidir.

 

Əjdər müəllim müxtəlif vaxtlarda Azərbaycan Təhsil Nazirliyi  nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini, dərslikləri qiymətləndirmə komissiyasının sədri, ümumtəhsil məktəbləri üçün baza tədris planları hazırlayan işçi qrupunun rəhbəri, “Təhsil haqqında” Qanunu, təhsil islahat proqramını və fasiləsiz təhsil konsepsiyasını hazırlayan işçi qrupunun üzvü, Təhsil Cəmiyyətinin sədr müavini, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəyasət heyətinin üzvü, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Təhsil şurasının sədri, “Təhsil və zaman”qəzetinin baş redaktoru kimi ictimai işləri yerinə yetirmişdir.

 

Əjdər müəllimlə ilk tanışlığım “Azərbaycan məktəbi” jurnalının redaksiyasında, son görüşüm isə Bakı Mühəndislik Universitetində keçirilən 80 illik  yubileyində olub. 8 il Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunda çiyin-çiyinə çalışmış, onlarla tədbirlərdə və rəsmi səfərlərdə birgə iştirak etmişik. Onun "Ənənə və müasirliyin vəhdəti təlimin keyfiyyətini yüksəldən vasitə kimi" formulu bu gün də təhsilimizin əsas formullarından biri kimi qəbul edilir.

 

”Mirzə Fətəli Axundzadə nəsrdə, Səməd Vurğun poeziyada, Üzeyir Hacıbəyli musiqidə kim idisə akademik Mehdi Mehdizadə də təhsilimizdə o idi.“ Onun bu sözləri  şəxsiyyətə nə qədər böyük önəm verməsinin sübutu idi. O, “Müəllim himnini” yazması ilə müəllimliyə nə qədər önəm verdiyini sübut etdi. Həmin himn ilk dəfə 1989-ci ildə Azərbaycan müəllimlərinin I qurultayında Respublika sarayında Birləşmış Müəllim Xorunun ifasında səslənmişdir.

 

 

Azərbaycan milli pedaqoqiqasında xüsusi yeri olan Əjdər müəllimin bir sözü vardı: “Bəzən deyirlər ki, xaricdə belədir-elədir... Ümumiyyətlə millətə, xalqa xas olan yaxşı təcrübəni xariclə müqayisə etməzlər. Xarici təcrübə nə olursa-olsun onu nümunə götürmək, surətini çıxarıb əks etdirməyə ehtiyac yoxdur.”

 

“Taleyimdə nəyim varsa bəsimdi...” deyən böyük pedaqoq, ləyaqətli insan, şərəfli həyat yolu keçmiş ziyalımız Əjdər Ağayevin əziz xatirəsi daim onu tanıyanların və gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır.

Xəbər lenti