Logo

Ali təhsil müəssisələrinə göstərilən təlim xidmətlərinin əhəmiyyəti

19.10.2021 18:03 53 baxış
IMG

Təhsil müəssisəsinin fəaliyyətinin və müəssisədəki kadr hazırlığının keyfiyyət səviyyəsinin milli, beynəlxalq və ümumavropa təhsil sisteminin standartlarına cavab verməsi müəssisələrdə daxili keyfiyyət təminatı sisteminin formalaşmasını labüd edir. Çünki, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə keyfiyyətin təmin olunması üçün qoyulan  tələblərdən biri təhsil və təlim müəssisələrində, təhsil fəaliyyəti ilə məşğul olan elmi müəssisələrdə keyfiyyətin daxili təminatı sisteminin yaradılması, keyfiyyətin qiymətləndirilməsi meyarlarının mövcud olmasıdır. 

Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması strateji hədəflərdən biridir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli, 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsində təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək, təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək fəaliyyət istiqamətlərindən bir neçəsi olaraq qeyd olunub.

Agentlik Nizamnaməsində qeyd olunan fəaliyyət istiqamətinə uyğun olaraq təhsil müəssisələrinə daxili keyfiyyət təminatı sisteminin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək, eyni zamanda daxili və xarici keyfiyyət təminatı ilə bağlı təlim xidmətləri göstərir. Bu zamana qədər bir çox ali təhsil müəssisələrinə daxili və xarici keyfiyyət təminatına dair təlimlər təşkil olunaraq müvafiq sahədə metodiki dəstək göstərilib.

Beləliklə, göstərilən xidmətlərin məqsədi təhsil müəssisəsində daxili keyfiyyət təminatı sisteminin formalaşmasına, müəssisələrdə keyfiyyət təminatı strukturunun işinin səmərəli təşkilinə və tədrisin tələbəyönlü prinsiplər əsasında təşkil olunmasına dəstək göstərilməsidir. Bununla yanaşı, təhsil müəssisəsinin xarici keyfiyyət təminatı, daxili keyfiyyət təminatının səmərəliliyinin qiymətləndirilməsi alətləri, Avropa təhsil məkanının tələbləri və tətbiqi mexanizmi barədə məlumatlanmasıdır.

Xəbər lenti