Logo

Azərbaycan səfiri ukraynalı tələbələr qarşısında Vətən müharibəsinə həsr olunmuş mühazirə oxuyub

21.09.2021 18:11 240 baxış
IMG

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Kiyev Milli Linqvistika Universitetində tələbə auditoriyası qarşısında 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunmuş mühazirə oxuyub.

Tehsil.biz xəbər verir ki, mühazirədən əvvəl Azərbaycan və Ukraynanın Dövlət himnləri səsləndirilib.

Səfir Elmira Axundova bildirib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında qazandığı möhtəşəm qələbələr haqqında bundan sonra çox kitablar yazılacaq, filmlər çəkiləcək. Cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.

“Sözsüz ki, müharibə itkisiz olmur. 44 günlük müharibədə Azərbaycan Ordusunun 2907 hərbçisi şəhidlik zirvəsinə ucalıb, Gəncə, Bərdə, Tərtər və digər şəhərlərimizə raket hücumları nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak olub. Müharibə başa çatandan sonra - noyabrın 10-dan bu günədək 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da yaralanıb”, - deyə səfir əlavə edib.

Elmira Axundova işğaldan azad olunan ərazilərimizdə aparılan quruculuq işləri, Azərbaycan dövlətinin bölgədə sülhün təmin olunması istiqamətində yürütdüyü siyasət barədə də ətraflı məlumat verib.

Mühazirədən sonra səfir tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.

Tədbirdə, həmçinin səfirliyin üçüncü katibi Təranə Sadıqova, universitetin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri, filologiya elmləri namizədi Anastasiya Pojar, Türki filologiya kafedrasının müəllimi, Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru İntiqam Şıxızadə iştirak ediblər.

AZƏRTAC

Xəbər lenti