Logo

Musiqili Teatrın işıqçısı, Şəhid Əliağa Məmmədovun xatirə lövhəsinin açılışı olub

27.07.2021 14:02 308 baxış
IMG

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının işıqçısı, Vətən müharibəsi şəhidi Əliağa Məmmədovun anım günündə ona həsr edilən xatirə lövhəsinin açılışı olub.

 

Tehsil.biz xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlanan mərasimdə Vətən uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Anım tədbirində Xalq artisti Fatma Mahmudova, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı və teatrın digər əməkdaşları Əliağanın nurlu xatirəsindən söhbət açıblar.

 

Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin əsgər yoldaşları, ailə üzvləri, media nümayəndələri və digər qonaqlar da iştirak ediblər.

 

Əliağa Eldəniz oğlu Məmmədov 26 iyul 2001-ci ildə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub.  Milli Qəhrəman Nazim İsmayılov adına 80 saylı tam orta məktəbi bitirdikdən sonra özünü idman sahəsində sınayıb, cüdo üzrə müxtəlif yarışlarda çıxışları ona medallar və sertifikatlar qazandırıb.

 

Peşə təhsili alandan sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıqçı kimi fəaliyyətə başlayıb. Elə hərbi xidmətə də çalışdığı doğma teatrdan yola düşüb. Teatrın səhnəsini işıqlandıran gənc Vətən qarşısında müqəddəs borcunu da layiqincə yerinə yetirib. 

 

2020-ci ilin 44 günlük Vətən müharibəsinin ilk günlərindən qəhrəmancasına vuruşur. Oktyabrın 6-da ağır döyüşlərin birində Əliağa tabor komandirinin həyatını öz canı bahasına xilas edir və şəhidlik zirvəsinə ucalır.

Xəbər lenti